27 sentyabr - Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyində tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğruna canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə çıxış edən Agentliyin sədr müavini Malik Rzayev bildirib ki, 27 sentyabr Vətən müharibəsinin başlanma günü, əbədi və əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu, xalq və dövlət birliyinin bütün dünyaya nümayiş olunduğu şərəfli bir tarixdir. Artıq Şanlı Zəfər tariximizin başlamasından 4 il ötür. Keçən 4 il ərzində işğaldan azad olunan torpaqlarımızda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma və Böyük Qayıdış başlayıb. Bu gün şəhidlərimizin qanı bahasına azad etdikləri torpaqlarda tikilən məktəblərdə uşaqlar Şanlı Zəfər tarixini öyrənir, Qarabağ Universitetində savadlı Azərbaycan gəncləri təhsil alır. İllərlə yurd-yuvasından didərgin düşən vətəndaşlarımız öz doğma evlərində yenidən yaşayış qurub, torpaqlarına qovuşublar.