“Araz-1” nasos stansiyasının təzyiqli boru xəttində əsaslı təmir-bərpa işləri görülür. Aparılan təmir-bərpa işləri suvarma sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər istismarda olan boru xətlərində təbii aşınma, korroziya və texniki köhnəlmə səbəbindən vaxtaşırı qəza halları baş verir ki, bu da su itkilərinə və suvarma prosesində çətinliklərə səbəb olur. Mövcud vəziyyəti nəzərə alaraq, “Araz-1” nasos stansiyasından təxminən 1 km məsafədə yerləşən təzyiqli boru xətlərinin korroziyaya uğramış hissələrində əsaslı təmir-bərpa işlərinə başlanılmışdır. Hal-hazırda boru xəttinin 300 metr hissəsində işlər intensiv şəkildə davam etdirilir. Boru xəttinin bataqlıq ərazidən keçən hissəsində cari il ərzində mütəmadi qəzaların olması əsaslı təmir-bərpa işlərini zəruri etmişdir. Hazırda həyata keçirilən təmir-bərpa prosesi çərçivəsində istismar müddətini başa vurmuş, zədələnmiş və korroziyaya məruz qalmış boru seqmentləri xüsusi texnika vasitəsilə kəsilərək çıxarılır. Bununla yanaşı, cari ilin yanvar-mart ayları ərzində də “Araz-1” nasos stansiyasının təzyiqli boru xəttində genişmiqyaslı təmir işləri həyata keçirilmiş, ümumilikdə 1,4 km uzunluğunda hissədə bərpa tədbirləri aparılmışdır.