Bənəniyar su anbarı 1990-cı ildə istismara verilmişdir. Anbar Culfa rayonunun Bənəniyar kəndi ərazisində yerləşir və onun ümumi tutumu 17,4 milyon kubmetr, ölü həcmi isə 1,4 milyon kubmetr təşkil edir. Normal həcmdə su səthinin sahəsi 160 hektardır. Hazırda anbardakı suyun həcmi 1,71 milyon kubmetrdir. Müqayisə üçün qeyd edək ki, suyun ən aşağı səviyyəsi 2022-ci ilin dekabr ayında 1,34 milyon kubmetr olmuşdur.
2025-ci ildə Bənəniyar su anbarına daxil olan suyun həcmi 1,33 milyon kubmetr, çıxan suyun həcmi isə 5,92 milyon kubmetr olub. Su anbarında 2024-cü ilin sonuna olan qalıq isə 7,59 milyon kubmetr təşkil edib. Bu göstəricilərdən görünür ki, su anbarında suyun səviyyəsi kəskin şəkildə azalıb.
Suyun azalması nəticəsində anbarın bəzi hissələrində kiçik gölməçələr yaranıb. Bu kiçik gölməçələrdə suyun həcmi azaldığı üçün oksigen səviyyəsi kritik həddə düşüb. Nəticədə balıqların təbii yaşayış mühitində oksigen çatışmazlığı yaranıb və tələfat müşahidə olunub. Bu vəziyyət su hövzəsinin ekoloji tarazlığına ciddi mənfi təsir göstərib. Suyun səviyyəsinin azalması əsasən bölgədə uzunmüddətli quraqlıq dövrünün davam etməsi, çay axınlarının zəifləməsi, yağıntı miqdarının normadan aşağı düşməsi və buxarlanmanın artması ilə əlaqədardır.
Hazırda Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən əraziyə baxış keçirilir. Birgə aparılan tədbirlər çərçivəsində balıqların oksigen çatışmazlığından qorunması və onların təbii yaşayış mühitinə uyğun şəraitdə saxlanmasını təmin etmək üçün kiçik gölməçələrdə qalan canlı balıqlar su anbarının hələ dolu olan hissələrinə köçürülür.
Bununla yanaşı, gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən su və ətraf nümunələr götürülür, analizlər aparılır.