image

Naxçıvanda qarşıdakı aylarda suvarma suyu baxımından heç bir çətinlik olmayacaq

2024-cü il yağıntılı il kimi qeydə alınıb. Bu da əkin sahələrinin suvarılmasına ciddi köməklik göstərib. Aprel, may və iyun ayları suvarmada ən çox su tələb olunan aylardır. Çay su ehtiyatlarının çoxluğu, əkin sahələrinin suvarılmasına, eləcə də su anbarlarına su yığılmasına öz töhfəsini verib. Muxtar respublika ərazisində artıq birinci suvarma qurtarıb, ikinci suvarma da yekunlaşmaq üzrədir. Bu dövrdə suvarma üçün su anbarlarına toplanmış sulardan, demək olar ki, istifadə olunmayıb.

Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı,  sədr müavini Malik Rzayev söyləyib.

O deyib: “İlin əvvəlindən muxtar respublika üzrə su istifadəçilərinə 85,67 milyon kubmetr su verilib və bunun müqabilində 69 min 360 hektar sahə suvarılıb. Muxtar respublikada ümumi layihə gücü 301,15 milyon kubmetr olan 30 ədəd su anbarı və sututarları mövcuddur. 4 iyun 2024-cü il tarixə su anbarlarında 287,29 milyon kubmetr su ehtiyatı vardır. Keçən ilin müvafiq dövründə 129,95 milyon kubmetr su ehtiyatı olub.  Ötən ilə nisbətən hazırda 157,34 milyon kubmetr çox su ehtiyatı vardır.  Əsas su anbarlarında və göllərdə olan su ehtiyatı bizə deməyə imkan verir ki, Naxçıvanda qarşıdakı aylarda suvarma suyu baxımından heç bir çətinlik olmayacaq”.

“Lakin su istifadəçiləri də çalışmalıdır ki, su ehtiyatlarından səmərəli və qənaətli istifadə etsinlər. Çünki cari ildə su ehtiyatlarının çoxalmasının əsas səbəbi yağıntının çox olması idi. Növbəti illərdə də yağıntıların belə bol olmasının, təəssüf ki, zəmanəti yoxdur. Ona görə də çalışmalıyıq ki, hazırkı vəziyyəti dəyərləndirək və növbəti suvarma mövsümündə sudan səmərəli və qənaətli istifadə edək” ,– deyə agentliyin sədr müavini əlavə edib.