Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.
17 fevral 2025-ci tarixindən etibarən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fatültəsi əyani söbəsinin “Meliorasiya mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbələri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin tabeliyindəki Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində təcrübə məşğələsi keçirlər. Keçirilən məşğələlər çərçivəsində tələbələr Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksində, Şahbuz Şəhər Təmizləyici Qurğuları və Uzunoba su anbarında istehsalat təcrübəsində olublar.
Keçirilən istehsalat təcrübəsində tələbələr nəzəri biliklərini əyani təcrübələrlə təkmilləşdirib, yeni texnologiyalar və iş üsulları ilə tanış olublar. Muxtar respublikanın içməli və suvarma suyuna olan tələbatının ödənilməsi, çirkab sularının təmizlənərək yenidən istifadə edilməsi, müasir texnologiyaların işləmə mexanizmi, mövcud su ehtiyatları, sudan səmərəli və qənaətli istifadə edilməsi haqqında tələbələrə məlumat verilib.