image

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi muxtar respublikanın su təminatının yaxşılaşdırılması üçün səylə çalışır

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin may ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Həmçinin hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, 2024-cü ilin may ayının sonunda su anbarlarında 284,37 milyon kubmetr  su ehtiyatı toplanılıb. Su istifadəçilərinə may ayı ərzində 46,87 milyon kubmetr  su verilib və müqabilində 37 982 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin may ayı ərzində 0,79 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 32,56 kilometr beton və torpaq kanallar, 21,37 kilometr ara arxlar, 3,7 kilometr kollektor lildən təmizlənib, 1,25 kilometr içməli su, 0,1 kilometr kaptaj xətti çəkilib, 1,9 kilometr mövcud içməli su xətlərində, 0,21 kilometr kanalizasiya xətlərində, 0,14 kilometr kaptajlarda, suvarma boru xətlərinin  6,36 kilometr hissəsində və təzyiqli boru xətlərinin 1,8 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Bundan əlavə, Şahbuz rayonunun Daylaqlı kəndində su arxında itkinin qarşısını almaq məqsədilə 24 metr məsafədə diametri 600 millimetr olan koruge borunu su arxında quraşdırmaqla arx təmir olunub.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Muğanlı kollektorunda 1,5 kilometr, Axaməd kollektorunda isə 2,2 kilometr olmaqla, ümumilikdə, 3,7 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 44 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib. İçməli su təminatını yaxşılaşdırmaq məqsədilə Ordubad rayonunda Gilənçay hövzəsində yeni tikilmiş kaptajdan Baş Dizə kəndinə 300 metr uzunluğunda yeni sugətirici boru xətti çəkilmişdir.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-1”, “Həmzəli-2”, “Zeyvə-1”, “Zeyvə-2” və “Qorçulu” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,17 kilometr hissəsində, Babək rayonunda “Araz-2”, “Kərimbəyli” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,65 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1” nasos stansiyasının, Aşağı Qışlaq, Daylaqlı, Külüs kəndlərinin və Şahbuz şəhər subartezian quyularının təzyiqli boru xətlərinin 0,09 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-1” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,3 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,13 kilometr hissəsində, Naxçıvan şəhərində “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttinin isə 0,5 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Cari ilin may ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 1 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 130 metr kürə təmizlənib, 17  metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla, 62 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Ordubad rayonunun Düylün kəndində su təminatının yaxşılaşdırılması məqsədilə  1 subartezian quyusunun qazma işləri yekunlaşıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 58 evin içməli su xəttinə, 388 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin

mətbuat xidməti