Oktyabın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən brifinq keçirilib. Muxtar respublikanın içməli və suvarma su təminatının yaxşılaşdırılması üçün cari ilin yanvar-sentyabr ayları ərzində görülən işlər və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası ilə bağlı jurnalistlərə açıqlama verən sədr müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasında suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb, hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib, sentyabr ayının sonunda sututarlarda 196,13 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə yanvar-sentyabr ayları ərzində 209,25 milyon kubmetr su verilib və verilən suyun müqabilində 168 924 hektar torpaq sahəsi suvarılıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramında nəzərdə tutulmuş əsas 15, alt tədbir kimi 25-i layihələndirmə, 2-si tikinti, 1-i isə texnika parkının yenilənməsi olmaqla, tədbirlərin icrasına başlanılıb. Layihələndirməli olan tədbirlərdən 6-sı təchizatçılar tərəfindən yekunlaşdırılıb, 2-si isə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunub. Digər layihələrin satınalma prosesi davam etdirilir və bir neçəsi isə ekspertiza rəyinin alınması üçün FHN-nə göndərilib. Texnika parkının yenilənməsi ilə bağlı tədbir isə uğurla icra edilib. Belə ki, su infrastrukturunun idarə olunması məqsədilə texnikalar alınaraq maddi-texniki baza gücləndirilib.