Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi internet səhifəsi (ndsea.gov.az) yenidən hazırlanıb.
Yenilənən saytda agentlik haqqında ümumi məlumat, abonentlər üçün su tarifləri, müraciət formaları, ödəmə üsulları, o cümlədən muxtar respublikanın su ehtiyatları haqqında məlumatlar yer alıb. Eləcə də muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində olan yeniliklər barəsində məlumat almaq üçün xəbərlər bölməsi də yaradılıb. Saytın müvafiq təhlükəsizlik yoxlamaları aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilib.
Bunlarla yanaşı, müasir metodlardan istifadə edilərək hazırlanmış veb-saytın optimizasiyası (SEO – Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün nazirliyin mühəndis-proqramçıları tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin edilib.
Qeyd edək ki, müasir dövrdə informasiya məkanında dövlət qurumlarının fəaliyyətlərinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək baxımından rəsmi internet resursları xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mətbuat xidməti