Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Şahbuz rayonunun ərazisində yerləşən “Qanlıgöl” sututarının suburaxıcı qülləsi təmir olunub. Uzun müddət təmir olunmadığından sututarının suburaxıcı qülləsi istifadəyə yararsız hala düşmüşdür. Belə ki, suburaxıcı qüllə ətrafında sızmaların qarşısını alacaq beton istinad divarları tikilməmiş, daşlarla hörülmüş divarlarda isə zaman keçdikcə suyun təsirindən çatlar yaranmışdır. Eyni zamanda qüllənin bəndlə təmas yerlərindəki boşluqlar səbəbindən bəndin ötürücü qurğusunda sızmalar baş vermişdir. Sızmanın aradan qaldırılması və dayanıqlığın təmin olunması istiqamətində suburaxıcı qüllənin dib ətrafı boyu beton konstruksiyalarla istinad divarları tikilərək bərpa edilib.
Həcmi 0,85 milyon kubmetr olan sututarı dəniz səviyyəsindən 2424 metr yüksəklikdə 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilib. Ətraf ərazilərin içməli su təminatında da istifadə olunan “Qanlıgöl” vasitəsilə 350 hektar əkin sahəsi suvarılır.