Muxtar respublikada kəhrizlərdən içməli və suvarma su mənbəyi kimi geniş istifadə edilir. Naxçıvan ərazisində 389 kəhriz vardır ki, bu kəhrizlərin 85-i Ordubad rayonu ərazisində yerləşir. Rayonun Yuxarı Əylis kəndində isə ümumilikdə 20 kəhriz mövcuddur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən cari il ərzində kəhrizlərin təmir-bərpa edilməsi diqqətdə saxlanılır. Görülən işlər çərçivəsində Yuxarı Əylis kəndində yerləşən "Nov" kəhrizində təmir-bərpa işləri aparılıb. Suvarma suyu kimi istifadə edilən kəhrizin quyu sayı 34 ədəddir. Təmir zamanı 290 metr məsafə lildən, 30 metr məsafə ərpdən və 50 metr məsafə ağac zoğlarından təmizlənib, çökmüş yerləri təmir edilib.
Kənddə yerləşən kəhrizlərdən biri də "Qarabağ" kəhrizidir. Uzunluğu 551 metr olan kəhrizin quyu sayı 23 ədəd, su sərfi isə saniyədə 2 litrdir. Hal-hazırda kəhrizdə təmir-bərpa işləri aparılır.