Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun “Ayı dərəsi” adlanan ərazisində çətin relyef şəraitində yeni kaptaj tikilib. Belə ki, yaz və qış aylarında yağıntıların artması ilə əlaqədar dağlardan axan sular mövcud kaptaja dolaraq suyun lillənməsinə səbəb olurdu. Görülən işlər çərçivəsində dağ çaylarından gələn lil və çöküntülərin qarşısını almaq məqsədilə mövcud kaptajdan diametri 160 millimetr, uzunluğu 150 metr olan borularla yeni su xətti çəkilib. Kaptajın əsas qidalandırıcı mənbəyi 3160 metr hündürlüyündə Salvartı dağından gələn çay sularıdır. Həmin çayın yaxınlığında tikilən yeni kaptaj vasitəsilə dağlardan gələn lil və çöküntülərin kaptaj sularına qarışmasının qarşısı alınıb.