image

Şəhid ailəsi ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Tikinti Memarlıq Kommunal və İctimai Xidmət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika komitəsinin sədri Şahin Qulamov şəhid Məmmədov Elvin Etibar oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən və bu zəfəri bizə qazandıran qəhrəman şəhidlərimizdən bəhs olunub. Şəhid atası oğlunun keçdiyi şərəfli döyüş yolundan danışıb. Qeyd edib ki, Elvin Məmmədov torpaqlarımızın düşmən işğalında olması ilə heç vaxt razılaşmayıb. Ali Baş Komandanın "İrəli!" əmrini səbirsizliklə gözləyib. Vətən müharibəsi başladığı gündən qəhrəmanlıqla döyüşüb və öz ad günündə - 1 oktyabrda arzusu olduğu şəhidlik zirvəsinə yüksəlib. Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından bəhs edən şəhid atası minnətdarlığını bildirib. 

Şəhid leytenant Elvin Məmmədovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir, əziz ruhları qarşısında baş əyirik.