image

Şəhid leytenant Cavid Nuriyevin ailəsi ziyarət olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Tikinti Memarlıq Kommunal və İctimai Xidmət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Şahin Qulamov Şərur rayonunun Oğuz kəndində şəhid Nuriyev Cavid Əşrəf oğlunun ailəsini ziyarət ediblər.
    Şəhid leytenantın keçdiyi şərəfli döyüş yolundan bəhs edən şəhid atası oğlu ilə qürur duyduğunu bildirib. Qəhrəman şəhidimiz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində şücaət göstərərək Murov dağı, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək oktyabrın 7-də şəhadətə qovuşub. Görüş zamanı şəhid leytenantın xatirə guşəsi ilə tanış olunub.
Sonda şəhid atası Əşrəf Nuriyevə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəxri fərmanı təqdim edilib.