27 sentyabr - Anım Günündə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Şərur rayonunun Siyaqut kəndində şəhid leytenant Səfərov Şahmar Nazim oğlu və şəhid əsgər Səfərov Cəsarət Xaliq oğlunun xatirəsinə ucaldılan bulaq-abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra şəhid leytenant Səfərov Şahmar Nazim oğlunun doğulduğu evdə şəhidin keçdiyi döyüş yolu və xatirə guşəsi ilə tanış olublar.
Şəhid leytenant Səfərov Şahmar Nazim oğlu 1997-ci il sentyabr ayının 1-də Şərur rayonunun Siyaqut kəndində dünyaya göz açıb. 2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olan Şahmar 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsilinə davam edib. 2015-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində təhsilinə başlayıb və 2019-cu ildə buranı müvəffəqiyyətlə bitirib. 2019-cu ildən leytenant rütbəsi alaraq tağım komandiri kimi ilk peşə faəliyyətinə başlayan Şahmar Səfərov Vətən müharibəsinin ilk şəhidlərindən biri kimi adını xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırıb. Vətən müharibəsinin ilk günü şəhadətə ucalan Şahmar Səfərovun nəşi 52 gün sonra tapılaraq Bakı şəhərində İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra müxtəlif orden və medallarla təltif edilib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.