Naxçıvan Muxtar Respublikasında cari ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Agentliyin tabe idarəsi olan Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonda kanallarda 4,6 km, kəndlərin ara arxlarında 2 km lildən təmizlənmə işləri aparılıb, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Belə ki, görülən işlər nəticəsində Şərur rayonunda Muğanlı kollektorunda 0,7 km, Axaməd kollektorunda 1,4 km olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 2,1 km kollektor lildən təmizlənib, rayonun 26 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Rayonda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 0,08 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb. Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri görülüb. Belə ki, mövcud suvarma boru xətlərinin Şərur rayonunda 85 m hissəsində təmir-bərpa işləri yerinə yetirilib.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində də cari təmir işləri davam etdirilib, yeni təzyiqli boru xətti çəkilib. Şərur rayonunda “Dərəkənd”, “Xələc”, “Ərəbyengicə” və “Ağbulaq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 km hissəsində təmir-bərpa işləri aparılıb.