“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən muxtar respublikada su təminatının yaxşılaşdırılması, qlobal iqlim dəyişikliklərini yaradan amillərə diqqət çəkilməsi, su mənbələrinin qorunması, sudan səmərəli və qənaətlə istifadə olunması ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir.
Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Babək rayonunun Qahab kəndində keçirilib. Təsərrüfat sahibləri və fermerlərin iştirak etdiyi tədbirdə muxtar respublikanın su ehtiyatları, suvarma mövsümünün mütəşəkkil başa çatdırılması, suvarma suyundan səmərəli və qənaətlə istifadə edilməsi haqqında çıxışlar olub. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövcud sahədə olan çətinliklərin aradan qaldırılması üçün təkliflər dinlənilib. Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanılıb.