image

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib

5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyində tədbir keçirilib. Tədbir çərçivəsində Agentliyin rəhbər heyəti və kollektivi əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsininin önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Daha sonra Agentlikdə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev çıxış edərək bildirib ki, 5 iyun tarixi ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Azərbaycan Prezident cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu hər zaman diqqətdə saxlayıb. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalanmışdır. Ölkə başçısı su təsərrüfatı və  meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyunun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən 5 iyun tarixi ölkəmizdə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 20 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi yaradılmasından bəhs edən sədr müavini, su təsərrüfatı və meliorasiya sahəsinə göstərilən dövlət qayğısından, Agentliyin uğurlarından və gələcək hədəflərində söz açıb.
Sonda Agentlik tərəfindən peşəkar və səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar təltif olunub.