image

Təmiz və keyfiyyətli içməli su üçün su anbarları çöküntülərdən təmizlənir

Muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli, eyni zamanda dayanıqlı içməli su ilə təmin olunması diqqət mərkəzindədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su anbarlarında hovuzların çöküntülərdən yuyularaq təmizlənməsi işlərinə start verilib. Agentliyin tabe idarəsi olan Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və İctimai Səhiyyə Xidmətinin Naxçıvan Regional Mərkəzinin Sanitar Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksinin 2500 kubmetr həcmində olan su anbarı yuyularaq şəffaflaşdırılıb, xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yekunlaşandan sonra hovuz su ilə doldurulmağa başlanılıb. Hovuz tam dolduqdan sonra sudan yeni nümunələr götürülərək laboratoriyada analiz ediləcək. Analizin nəticələrindən asılı olaraq suyun şəbəkəyə ötürülməsi təmin ediləcək. Vətəndaşların təmiz və keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması  üçün həyata keçirilən tədbirin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.