Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin dekabr ayı ərzində Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, yeni içməli su xətləri çəkilmiş, anbarlara suyun yığılması davam etdirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin dekabr ayının sonuna 65,73 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə dekabr ayı ərzində 4,48 mln m3 su verilmiş, bunun müqabilində 3 min 675 ha torpaq sahəsi suvarılmışdır.
2023-cü ilin son ayı ərzində 0,12 km seləqarşı istiqamətləndirici bənd, 20,54 km beton və torpaq kanallar, 16,83 km ara arxlar, 3,5 km kollektor lildən təmizlənmiş, 2,59 km içməli su, 0,2 km kanalizasiya, 0,01 km kaptaj xətləri çəkilmiş, 0,96 km mövcud içməli su xətlərində, 0,12 km kanalizasiya xətlərində, 0,35 km suvarma boru xətlərində, 3,64 km təzyiqli boru xətlərində, 0,17 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 8,3 km, kəndlərin ara arxlarında 3,25 km, Babək rayonunda kanallarda 0,03 km, kəndlərin ara arxlarında 4,32 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 0,83 km, Culfa rayonunda kanallarda 4,9 km, Ordubad rayonunda kanallarda 6,8 km, kəndlərin ara arxlarında 4,3 km, Sədərək rayonunda kanallarda 0,5 km, kəndlərin ara arxlarında 0,2 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 3,93 km, Naxçıvan şəhəri ərazisində kanallarda isə 0,01 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Bundan əlavə, Culfa rayonunun Bənəniyar kəndində su arxında itkinin qarşısını almaq məqsədilə 70 m məsafədə diametri 300 mm olan koruge borunu su arxında quraşdırmaqla arx təmir olunmuşdur.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Muğanlı kollektorunda 1,3 km, Qorçulu kollektorunda isə 2,2 km olmaqla, cəmi 3,5 km kollektorlarda lildən təmizləmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunun 42 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Qahab selovunda 10 m, Kəngərli rayonunda Yurdçu selovunda isə 110 m olmaqla, ümumilikdə, 120 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,05 km, Şahbuz rayonunda 0,16 km, Culfa rayonunda 1,55 km, Ordubad rayonunda 0,6 km, Sədərək rayonunda 0,23 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,14 km, Babək rayonunda 0,35 km, Şahbuz rayonunda 0,02 km, Culfa rayonunda 0,3 km, Ordubad rayonunda 0,1 km, Kəngərli rayonunda isə 0,05 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Şahbuz rayonunun Ağbulaq kəndində 6 m yeni kaptaj tikilmiş, Babək rayonunun Cəhri qəsəbə kaptajında 120 m, Culfa rayonunun Camaldın və Kırna kənd kaptajlarında isə 54 m təmir-bərpa işləri aparılmışdir.
Şahbuz şəhərində 102 m, Ordubad şəhərində 100 m yeni kanalizasiya xətti çəkilmiş, mövcud kanalizasiya xətlətində Babək şəhərində 19 m, Ordubad şəhərində isə 100 m təmir işləri aparılmışdır.
Suvarma boru xətlərinin təmirə ehtiyac olan hissələrində təmir işləri aparılmışdır. Şərur rayonunda 120 m, Kəngərli rayonunda isə 230 m suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2”, “Qorçulu”, “Qarahəsənli”, “Dərəkənd”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 3,14 km, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Qoşadizə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km, Şahbuz rayonunda Külüs və Mahmudoba kəndlərinin subartezian quyularının təzyiqli boru xətlərində 0,02 km, Culfa rayonunda Bənəniyar su anbarının, Culfa şəhər və Yaycı kənd içməli su təchizatı sistemlərinin təzyiqli boru xətlərində 0,1 km, Kəngərli rayonunda “Kərki”, “Böyükdüz”, “4 №-li” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,08 km təmir-bərpa işləri aparılmışdır.
2023-cü ilin dekabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 370 m kürə təmizlənmiş, 6,5 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3 ədədinə yeni nasos quraşdırılmaqla, 36 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Sirab kəndində 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 1 ədəd ekektrik mühərriki, 4 ədəd su sayğacı təmir olunmuş, 42 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 41 evin içməli su xəttinə, 152 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Dekabr ayı ərzində 5 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində isə 1 məqalə və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.