Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi
events

İqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılmış kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir.

İlkin mərhələdə dezinfeksiya etmək üçün suya xüsusi qurğu vasitəsi ilə havadan ozon vurulur. Mexaniki filtrlərə daxil olan su 100 mikrona qədər təmizlənir və avtomatik əks-yuma aparılır. Bundan sonra su 2 mərhələli filtrdən keçərək 0,001 mikrona qədər təmizlənir. Ehtiyac olduğu halda təmizlənmiş suya natrium hipoxlorid qatılaraq su anbarlarına vurulur. Bunun üçün binada natrium hipoxlorid qurğusu yerləşir. Qurğu duz çənindən, məhlulu yumşaltma sistemindən, elektrolizə­etmə sistemindən və hazır natrium hipoxloridin yığılması üçün 3 tonluq çəndən ibarətdir. Məhsuldarlığı saniyədə 472 litr olan sutəmizləyici qurğu əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməklə yanaşı, həm də elektrik enerjisinə qənaət olunmasına imkan verir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilmişdir. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özü­axımlı rejimdə təmin olunmasına imkan verir. Ümumilikdə, bu qurğunun fəaliyyəti 135 min istifadəçini əhatə edir.

 Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi

 

Kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb.  Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır. Bundan əlavə olaraq 2 hektar sahə tullantıların saxlanması və qurudulması üçün ayrılmışdır. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olur.

Culfa Şəhər Su Təmizləyici Qurğular Kompleksi

Sutəmizləyici qurğu  gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər Türkiyə, membranlar isə Amerika istehsalıdır.

                                    Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksi

Su­təmizləyici qurğu  gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

Şahbuz Şəhər Təmizləyici Qurğuları

 

Almaniya və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılan təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. İri tullantı və qumtutucu qurğu binasından, hovuzlardan, mexaniki filtrli təmizləyici qurğudan, palçıqqurutma qurğusundan, idarəetmə və kompressor binalarından ibarət olan sistemin hovuzlarının tutumu 7200 kubmetrdir.

Təmizləyici qurğu 3 mərhələli – fiziki, bioloji və mexaniki filtrli təmizləmə sistemlərindən ibarətdir. Daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. İkinci mərhələ də başa çatdıqdan sonra su mexaniki filtrlərdə 10 mikrona qədər təmizlənir və ultrabənövşəyi şüa ilə dezinfeksiya olunaraq təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır. Lilçökdürücü hovuzdan nasoslar vasitəsilə çənlərə vurulan lil lilqurutma qurğusunda tam susuzlaşdırıldıqdan sonra ərazidən daşınır.

Şərur Şəhər Su Təmizləyici Qurğular Kompleksi

Su­təmizləyici qurğu  gün ərzində 20 min 400 kubmetr və ya saniyədə 236 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 400 kubmetr olan 2 xam, ümumi tutumu 27500 kubmetr olan üç təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda suyun təmizlənməsi İsveçrə və Türkiyə istehsalı olan 3 mərhələli filtr qurğuları vasitəsilə həyata keçirilir.