SU ANBARLARI
Naxçıvan Muxtar Respublikasında iqlimin quraq olması nəzərə alınaraq burada bir çox su anbarları tikilmişdir. Çayların axımını tənzimləmək məqsədilə su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları (“Araz" su anbarı, “Arpaçay" su anbarı, “Heydər Əliyev" su anbarı) kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir. Muxtar respublikadakı su anbarlarının əsas qidalandığı mənbələr Arazçay, Arpaçay, Naxçıvançay, Əlincəçay, Cəhriçay, Azaçay, Vənəndçay, Düylünçay çayları, həmçinin bulaqlar və kəhrizlərdir.
Naxçıvan Muxtar Respublikasının ərazisində Araz su anbarı istisna olmaqla, ümumi həcmi 303,52 mln m3 olan irili-xırdalı 31 istismar edilən su anbarı mövcuddur. Su anbarları təyinatına, rejim xarakteristikasına, parametrlərinə və təbii şəraitinə görə müxtəlifdir.
Su anbarları öz vəzifəsini yerinə yetirərək su ehtiyatlarının həcminin artırılması üçün mühüm vasitədir. Su anbarları əsas su mənbələri olmaqla ilboyu suvarma suyuna olan təlabatı ödəyir. Torpaq sahələrinin əksər hissəsinin suvarılması su anbarları vasitəsilə həyata keçirilir.
Araz su anbarı
Araz su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. İran İslam Respublikası və Azərbaycan Respublikası ilə birgə tikilmiş bu su anbarı, birgə energetika və suvarma məqsədilə istismar olunur. Su anbarının ümumi həcmi 1254 mln m3, faydalı həcmi 1070 mln m3-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan sahələri su ilə təmin edilmişdir.
Arpaçay su anbarı
1977-ci ildə istismara verilmiş Arpaçay su anbarı Arpaçayın gətirmə konusundan bir neçə kilometr yuxarıda, okean səviyyəsindən 910 m hündürlükdə Dərələyəz dağlarının konyonvari dərəsi üzərində tikilmişdir. Su anbarının tam həcmi 150 mln m3, faydalı tutumu isə 140 mln m3-dir. Muxtar respublika ərazisində 17370 hektar əkin sahəsini suvarır.
Heydər Əliyev su anbarı
Naxçıvançay üzərində tikilən Vayxır su anbarının (indiki Heydər Əliyev su anbarı) layihəsi 1981-ci ildən hazırlanmış, 1983-cü ildə inşaat işlərinə başlanmışdır. Lakin həmin zaman yaranmış şəraitlə əlaqədar olaraq tikinti işləri başa çatdırılmamışdır. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Vayxır su anbarının tikintisini də gündəliyə gətirmiş və 2002-ci ildə tikinti işlərinin davam etdirilməsinə başlanmışdır. 2005-ci ilin dekabrın 19-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev su anbarı istifadəyə verilmişdir.
Su anbarının ümumi həcmi 100 mln m3, faydalı həcmi 90 mln m3-dir, ümumi suvarma sahəsi 16830 hektardır. Uzunluğu 24,2 km olan sağ sahil magistral kanalı və uzunluğu 30,35 km olan sol sahil magistral kanalı tikilmişdir.
Bənəniyar su anbarı
Məcradan kənar Bənəniyar su anbarı 1990-cı ildə istismara verilmişdir. Su anbarı Culfa və Babək rayonları ərazisində təxminən 4230 hektar əkin sahəsinin suvarılmasına imkan yaratmışdır. Anbarı su ilə qidalandırmaq üçün su anbarından təxminən 7 km yuxarıda Əlincəçayı üzərində suqəbuledici qurğu və uzunluğu 7,7 km olan gətirici kanal tikilmişdir. Həcmi 17,4 mln m3, faydalı həcmi 16 m3-dir.
Sirab su anbarı
Babək rayonunun Sirab kəndi ərazisində yerləşən Sirab su anbarı 1980-ci ildə istismara verilmişdir. Qidalanma mənbəyi Naxçıvançaydan kanal vasitəsilədir. Heydər Əliyev su anbarı istifadəyə verildikdən sonra əsasən sol sahil kanalı vasitəsilə qidalanır. Su anbarının ümumi həcmi 12,7 mln m3, faydalı həcmi 12 mln m3-dir. Anbarın suvardığı sahə 2700 hektardır.
Uzunoba su anbarı
Uzunoba su anbarı 1961-ci ildə istifadəyə verilmişdir. Su anbarı Naxçıvançay çayının sol sahilində Uzunoba kəndindən 2 km qərbdə, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşmişdir. Ümumi həcmi 7.2 mln m3, faydalı həcmi 7,2 mln m3 olan bu su anbarının əsas qidalanma mənbəyi Naxçıvançayın suyu hesabınadır.
Uzunoba su anbarı Babək rayonunda əkin sahələrinin su ilə təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu göl tikildikdən sonra 1730 hektar torpaq sahəsi su ilə təmin edilmişdir.
Nehrəm su anbarı
Nehrəm su anbarı 1965-ci ildə istifadəyə verilmişdir. O, dəniz səviyyəsindən 900 m mütləq yüksəklikdə yerləşir. Su anbarının su tutumu 6 mln m3, faydalı həcmi m3-dir. Su anbarının suyu ilə 1540 hektardan çox əkin sahəsi suvarılır.
Batabat gölləri
Batabat gölləri 0, 1 və 2 saylı göllərdən ibarətdir. Bu göllər təbii göllər əsasında yaradılmış kiçik su anbarlarıdır. Batabat göllərində 1923-1955-ci illərdə bənd tikilərək həcmləri genişləndirilmişdir. Həcmi 1,58 mln m3-dir. Göllər uyğun olaraq dəniz səviyyəsindən 2000, 2050, 2113 m yüksəklikdə yerləşir. Qida mənbəyini qar və yeraltı sular təşkil edir.
Qanlı göl
Qanlı göl Keçəldağın cənub-qərb ətəyində dəniz səviyyəsindən 2424 m yüksəklikdə yerləşir. Bu göl 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilmişdir. Gölün həcmi 0,85 mln m3-dir, qida mənbəyi qar və bulaq sularıdır. Qanlı gölün suyundan suvarmada geniş istifadə olunur.
Məzrə gölü
Bu göl 1980-ci ildə tikilib istismara verilmişdir. Gölün həcmi 1 mln m3 təşkil edir. Məzrə gölünün suyu ilə 200 hektardan çox əkin sahələri su ilə təmin olunur.
Digər göllər
Cəhri gölləri 1979-1981-ci illərdə suvarma məqsədi ilə tikilmişdir. Həcmləri isə 2,6 mln m3-dir. Bu göllərin suyu ilə Cəhri qəsəbəsinin əkin sahələri su ilə təmin olunur. Dizə və Qahab gölləri 1940-1970-ci illər ərzində yaradılmışdır. Göllərin su tutumları 1,24 mln m3 təşkil edir. Dizə və Qahab gölləri həyətyanı əkin sahələrinin suvarılmasında müstəsna rol oynayaraq kəndin əkin sahələrini su ilə təmin edir.
Aza və Gilan gölləri 1966-1984-cü illərdə tikilib istifadəyə verilmişdir. Göllərin su tutumları 0,45 mln m3-dir. Aza və Gilan göllərinin suyu ilə Ordubad rayonunun əkin sahələri su ilə təmin olunmuşdur.